Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan vətəndaşları tərəfindən Rusiya təmsilçisi Dina Qaripovaya verilən səslərin itməsi faktını xoşagəlməz hal adlandıraraq bunun cavabsız qalmayacağını bildirib.
“İştirakçımızın 10 balının oğurlanması ilk növbədə, tədbirin təşkili nöqteyi-nəzərindən bizi sevindirmir. Və biz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla razılaşdıq ki, Azərbaycan İctimai Televiziyası izahat almağın hüquqi yollarını aydınlaşdırdıqdan sonra biz bu qıcıqlandırıcı aksiyanın cavabsız qalmaması üçün birgə fəaliyyətimizi koordinasiya edəcəyik”, - deyə S.Lavrov bu gün Moskvada E.Məmmədyarovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Ötən həftənin şənbə günü İsveçdə “Eurovision-2013” mahnı müsabiqəsinin final mərhələsi keçirildi. Gecə SMS səsvermənin nəticələri açıqlanarkən Azərbaycanın Rusiyaya bal vermədiyi məlum oldu ki, bu da rusiyalı tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı.
E.Məmmədyarov mətbuat konfransında bildirib: “Hər üç mobil operator üzrə səsvermənin nəticələrinə əsasən, Rusiya ikinci yerdə dayanır. Bu səslər necə olub və necə yoxa çıxıb? Bu sual bizim İctimai Televiziyaya (İTV) ünvanlanıb və məsələni Avropa Yayım Birliyinin tərəfdaşı olaraq İTV aydınlaşdıracaq”.
“Azərbaycan vətəndaşlarının Rusiya təmsilçisinə verdiyi səslərin hara yoxa çıxdığını araşdırmaq və bu məsələyə aydınlıq gətirmək vacibdir”, - deyə E.Məmmədyarov vurğulayıb.
Rusiya müsabiqədə Azərbaycan təmsilçisinə 12 bal verib.