Yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
“Sabah həmsədrlərin regiona növbəti səfəri baş tutacaq. İş davam edir”, - deyə o, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Heç kəs kənara çəkilmək niyyətində deyil. Bu problemin həlli üçün şərait yaradılmasına əlimizdən gələn köməyi edəcəyik. Amma aydındır ki, problemi yalnız maraqlı olan tərəflər özləri həll edə bilər. Biz isə onlara bu işdə kömək edəcəyik. Burada tələsik rəy vermək olmaz, yəni əgər durğunluqdursa, o zaman heç nə alınmayacaq. Əminəm ki, əgər tərəflərin qanuni maraqlarına əsaslanan güzəşt axtarılarsa, bu halda hər şey alınacaq”, - deyə nazir vurğulayıb.
S.Lavrov qeyd edib ki, E.Məmmədyarovla gəldikləri birgə rəyə əsasən, ATƏT-in Minsk Qrupunun (Rusiya, Fransa, ABŞ) nümayəndələrinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında baş tutan bütün görüşlər “içində iblisin olduğu detalların aydınlaşdırılmasında” çox faydalı olub.
“2009 və 2011-ci illərdə Rusiya, Fransa və ABŞ prezidentlərinin qəbul etdiyi bəyanatlarda təsbit edilən əsas prinsiplərə heç kim tərəfindən etiraz edilmir. Lakin hazırda vəzifə onları əməli müstəviyə keçirməkdən ibarətdir”, - deyə rusiyalı nazir qeyd edib.