Rusyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Qarabağ münaqişəsinin nizamlanmasında status-kvo həm Rusiya, həm də münaqişə edən iki tərəf üçün qəbuledilməzdir.
“Rusiya üçün status-kvo qəbuledilməzdir. Çünki onlar bizim qonşularımız, dostlarımızdır. Qafqazda sabitlik və sakitlik isə Rusiyanın xarici siyasətində prioritetlərdən biridir”, - deyə S.Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “status-kvo yalnız Azərbaycan ərazilərinin qaytarılması məsələsinin həll olunmaması deyil, həm də Ermənistanın iqtisadi təcridi deməkdir”.
“Bu səbəbdən burada heç kəsi status-kvonun yolverilməz olduğuna inandırmaq lazım deyil. Həmsədrlər isə (ATƏT-in Minsk Qrupunun – İF-Az) bu vəziyyətin aradan qaldırılması vəzifəsinə sadiqdirlər”, - deyə S.Lavrov qeyd edib.