2020-ci ildə Futbol üzrə Avropa Çempionatının keçirilməsi bizim üçün ölkəmizin idman potensialını nümayiş etdirmək və futbolumuzu inkişaf etdirmək baxımından çox əlverişli imkandır. Bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“Ən əsası odur ki, Azərbaycandan sonuncu çempionatın keçirildiyi Polşa və Ukraynada olduğu kimi 6, 8, 12 stadion tikmək tələb olunmur. Qeyd edim ki, bu stadionların tikintisi böyük vəsait sərfi tələb edir. Qarşımıza bu şərt qoyulmayıb”, - deyə nazir dünən 2020-ci il Futbol üzrə Avropa Çempionatının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi tədbirləri barədə Prezident İlham Əliyevin sərəncamı ilə bağlı sualı şərh edərkən jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakının namizədliyi təsdiq olunsa, hazırda tikilən 68 min nəfərlik Bakı Olimpiya Stadionu Avropa Çempionatı oyunlarına ev sahibliyi edə bilər.
Nazir bildirib ki, qitə birinciliyi müxtəlif ölkələrdə təşkil olunsa, “o zaman bizim əlavə olaraq beynəlxalq standartlara cavab verən və əsaslı təmir olunmuş Tofiq Bəhramov adına stadionumuz da var”.