Bakıda 2012-ci ildə Azərbaycan- Rusiya ticarət-iqtisadi münasibətlərində ən yaxşı iştiraka görə “Tərəqqi” mükafatının təqdimetmə mərasimi keçirilib. Qeyd edək ki, bu mükafatın təqdimetmə mərasimi hər il keçirilir.
Rusiya səfirliyi, RF-nin Azərbaycandakı ticarət nümayəndəliyi və Rusiya-Azərbaycan İşgüzar Əməkdaşçlıq Palatası tərəfindən 2007-ci ildə təsis edilmiş mükafat 2012-ci ilin yekunları üzrə 10 nominasiyada təqdim edilib.
“Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi münasibətlərin inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), “Azərbaycan iqtisadiyyatına inteqrasiya” nominasiyası üzrə “Lukoyl-Azərbaycan” QSC “Tərəqqi” mükafatına sahib olublar.
“Baltika Bakı” şirkəti “Azərbaycan müəssisəsində innovasiyaların inkişafına töhfəyə görə” nominasiyası, “Azərsun Holdinq” MMC “Krasnodar vilayətində aqrar sektorun investisiyalaşdırılması və regionda aktiv sosial fəaliyyətə görə” nominasiyası üzrə mükafatlandırılıb.
“Mətanət-A” “Rusiya bazarına ekoloji cəhətdən təmiz tikinti materialları çıxarmasına görə”, “Ekspert SM” şirkəti “Azərbaycan Respublikasında Rusiya şirkətlərini hüququ cəhətdən müşayiət etməsinə görə”, “Atəşgah” sığorta şirkəti “Azərbaycanda fəaliyyət göstərən Rusiya müəssisə və təşkilatlarının sığortalanmasında lider”, “Azərtikintiinvest” MMC “Azərbaycan bazarına Rusiyadan sənaye və tikinti texnikasının gətirilməsi”, “Vəfa tekstil” şirkəti “Rusiya bazarına tekstil məmulatlarının çıxarılması”, “DOBROMED” klinikası Azərbaycan iqtisadiyyatına fəal investisiya qoyuluşu” nominasiyaları üzrə “Tərəqqi” mükafatına layiq görülüb.
Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası 2001-ci ildə Azərbaycanın eks- prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin birgə təşəbbüsü ilə Azərbaycan- Rusiya ticarət-iqtisadi əməkdaşlığının inkişafı və möhkəmləndirilməsi, iki ölkənin işgüzar dairələrinin qarşılıqlı faydalı əlaqələrinin dərinləşdirilməsi məqsədi ilə yaradılıb.