2012-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 135 mln. manat və ya ÜDM-in 0,3%-ni təşkil edib. Bu barədə maliyyə naziri Samir Şərifov cümə axşamı parlamentin İqtisadi siyasət komitəsinin iclasında 2012-ci il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı bəyan edib.
“2012-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 mlrd. 282 mln. manat, xərcləri 17 mlrd. 417 mln. manat təşkil edib”, - deyə S.Şərifov bildirib.
Onun sözlərinə görə, hesabat ilində gəlirlər üzrə plan 101,4%, xərclər üzrə plan 98,6% icra edilib.
2011-ci ilin göstəricisi ilə müqayisədə büdcə gəlirləri 10,1%, büdcə xərcləri 13,1% artıb.
S.Şərifov vurğulayıb ki, 2012-ci ildə büdcə gəlirləri strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 mlrd. 26 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1 mlrd. 208 mln. manat, Dövlət Neft Fondundan transfertlər 9 mlrd. 905 mln. manat təşkil edib.
Nazir qeyd edib ki, hesabat ilində xərclər strukturunda 9 mlrd. 278 mln. manat cari, 7 mlrd. 926 mln. manat əsaslı borcların, 213 mln. manat daxili və xarici borcun ödənilməsinin payına düşüb.
S.Şərifov əlavə edib ki, 2012-ci ildə dövlət büdcəsinin sosial xərcləri 4 mlrd. 740 mln. manat təşkil edib və 2011-ci illə müqayisədə 9,2% artıb. 2012-ci ilin yekunları üzrə bu cür xərclərin xüsusi çəkisi 27,2% təşkil edib.
Nazir qeyd edib ki, ötən il əsaslı dövlət kapital qoyuluşları 1 mlrd. 450,9 mln. manat təşkil edib.
O vurğulayıb ki, 2012-ci ildə dövlət büdcəsində Azərbaycan Prezidentinin Ehtiyat Fondunun xərcləri 300 mln. manat, dövlət büdcəsinin Ehtiyat Fondunun xərcləri 838 mln. manat təşkil edib. 120 mln. manat 2012-ci ilin may ayında Azərbaycanın şimal-qərb rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldilib.
S.Şərifov əlavə edib ki, 2012-ci ildə kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinə dövlət büdcəsindən 473 mln. manat, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsinə 112 mln. manat ayrılıb. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun maliyyələşdirilməsinə dövlət büdcəsindən 90 mln. manat vəsait ayrılıb.
İclasın sonunda komitə tərəfindən “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun qəbul edilməsinin parlamentə tövsiyə edilməsi barədə qərar qəbul edilib. Azərbaycan parlamenti bu sənədi mayın 31-də plenar iclasda müzakirə edəcək.
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin gəlirləri 17 mlrd. 38 mln. manat, xərcləri 17 mlrd. 672 mln. manat həcmində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 634 mln. manat və ya ÜDM-in təxminən 1,3%-i səviyyəsində proqnozlaşdırılıb.