Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Springer” beynəlxalq elmi bazasının nümayəndələri Asda Kotani və Sıtkı Aktaş ilə görüş zamanı bu bazaya Azərbaycan alimlərinin elmi işlərinin daxil edilməsi məsələsi müzakirə olunub.
AMEA Rəyasət Heyətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, görüşdə ötən ilin yanvar ayında “Springer” ilə AMEA arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycan tərəfinin beynəlxalq elmi bazanın resurslarından istifadə etməsinə dair statistik göstəricilər təqdim olunub.
Həmin müqaviləyə əsasən, AMEA-nın institut və təşkilatları, həmçinin ölkə universitetləri “Springer” beynəlxalq elmi bazasının rəqəmsal kitabxanasından istifadə imkanı qazanıb, istifadəçilərin “Springer”in təklif etdiyi xidmətlərə, arxiv materiallarına, eləcə də yeni nəşrlərə (elmi jurnallar, kitablar, konfrans materialları və s.) ödənişsiz onlayn çıxışı təmin olunub.
Danışıqlar zamanı Azərbaycanın elmi tədqiqat qurumlarında bu beynəlxalq bazanın xidmətlərindən səmərəli istifadəni təmin etmək üçün mütəmadi təlim seminarlarının keçirilməsinin zəruriliyi qeyd olunub.