Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ölkədə biznesin inkişafı üçün braziliyalı iş adamlarına yardım etmək niyyətindədir. Bu barədə Azpromo-dan məlumat verilib.
Çərşənbə axşamı Braziliyanın Xarici İşlər Nazirliyinin əməkdaşlıq, mədəniyyət və ticarətin təbliği üzrə baş katibinin müavini Hadil da Roşa Vianna Azpromo-nun rəhbərliyi ilə görüş zamanı ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
“Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən H.Vianna gələcəkdə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə edib. Onun sözlərinə görə, bunun üçün həm Azərbaycan, həm də Braziliya böyük potensiala malikdir”, - deyə məlumatda qeyd edilir.
Azpromo-nun rəhbəri Rüfət Məmmədov vurğulayıb ki, fond braziliyalı iş adamlarına ölkəmizdə biznes fəaliyyətinin təşkili sahəsində müvafiq dəstək göstərəcək.
Görüşdə infrastruktur, qida sənayesi və aviasiya sahəsində fəaliyyət göstərən Braziliya şirkətlərinin təqdimatları keçirilib.