Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda Hollandiyanın “Elsevier” nəşriyyat şirkətinin rəhbəri Yonqsunk Çhi ilə görüşüb. Bu barədə nazirliyin məlumatında deyilir.
Nazir bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 2013-cü il “İKT ili” elan edilib.
Ə.Abbasov Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Strategiyası barədə məlumat verib. “Elm, təhsil, texnologiyalar sənəddə yer almış və respublikanın gələcək inkişafında vacib rol oynayacaq əsas istiqamətlərdir”, - deyə Ə.Abbasov vurğulayıb.
Nazir söyləyib ki, respublikada elmi iqtisadiyyata keçidin təməli qoyulub və elektron elmin tərəqqisi üçün “Elsevier” kimi nüfuzlu beynəlxalq kitabxanalarla əməkdaşlığa böyük əhəmiyyət verilir.
Y.Çhi Ə.Abbasova məlumat verib ki, dünya bazarında elmi nəşrlərin 25%-ə qədəri “Elsevier”ə məxsusdur, şirkət ScienceDirect, Scopus, SciVal kimi elmi informasiya bazalarına malikdir.
Onun sözlərinə görə, dünyanın ən qocaman nəşriyyat evi “Elsevier”in elmi bazası Azərbaycan alimlərinin fəaliyyətində və onların elmi tədqiqatlarında böyük informasiya mənbəyi kimi istifadə oluna bilər.