Azərbaycanlı gənc violonçelçi Camal Əliyevin Edinburqda (Şotlandiya) solo konserti olub. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
C.Əliyev Londondakı İehuda Menuhin adına məktəbdə təhsil alır. Hazırda bu məktəbdə professor Tomas Karolun sinfində əla qiymətlərlə oxuyan gənc musiqiçi müntəzəm olaraq Londonun ən nüfuzlu konsert salonlarında çıxış edir.
C.Əliyev ilk mükafatı doqquz yaşında, yeniyetmə ifaçıların “Trakya University” beynəlxalq müsabiqəsində qazanıb. 2004-cü ildə o, Zaqrebdə Antonio Caniqro adına 5-ci beynəlxalq müsabiqənin qalibi olub və məşhur “Assembly Hall” salonunda konsert vermək hüququ qazanıb.
Bu müsabiqədən sonra musiqiçi Türkiyənin Prezident Simfonik Orkestrinin, Bilkent Simfonik Orkestrinin, “Borusan” Beynəlxalq Kamera Orkestrinin müşayiəti ilə çoxsaylı konsertlər verib.
C.Əliyev Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo konserti verən ifaçı olub. O, Çində “Forbidden City Hall” salonunda Pekin simfonik orkestrinin müşayiəti ilə solo konsert verib.
Bu il violonçelçi İngiltərənin ən nüfuzlu üç ali məktəbinə daxil olmaq üçün eyni vaxtda ərizə verib və bu məktəblərin hər üçünə yüz faiz təqaüd ödənilmək şərti ilə qəbul olunub. Lakin o, ən nüfuzlu ali musiqi məktəbi sayılan “Royal College of music” kollecini seçib.