Azərbaycan İran və digər dövlətlərlə, o cümlədən Rusiya ilə mehriban münasibətlər qurmalıdır. “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin məlumatına görə, bu barədə Milli Məclisin deputatı Eldar İbrahimov parlamentin cümə axşamı keçirilən plenar iclasında bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan istisna təşkil edir.
“Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin İrana səfəri yüksək səviyyədə keçib”, - deyə deputat bildirib. O qeyd edib ki, tərkibinə Milli Məclisin bir neçə deputatının da daxil olduğu nümayəndə heyətinin səfəri çərçivəsində İran prezidenti Mahmud Əhmədinejat, dini lider Əli Xamneyi və parlament rəhbərliyi ilə görüşlər keçirilib.
“Görüşlərdə Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb və iki dövlət arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. İran prezidenti, dini lider Əli Xamneyi və QMİ sədri A.Paşazadə öz çıxışlarında ikitərəfli münasibətlərə heç kəsin müdaxilə etməsinə imkan verməmək məqsədilə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıblar”, - deyə o bildirib.