İyunun 30-dan iyulun 16-na qədər Azərbaycanda hərbçilər arasında birinci Dünya Futbol Kuboku keçiriləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin parlamentin müxbirinin məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında bağlanmış
hərbçilər arasında birinci Dünya Futbol Kubokunun Azərbaycanda keçirilməsinə dair sazişin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin cümə günü keçirilən plenar iclasında qəbul edilib.
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov öz çıxışında qeyd edib ki, FİFA, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə 16 komanda iştirak edəcək.
“Dünya Kubokunda Afrika və Amerikanın hər birindən dörd, Asiya və Avropa qitələrinin hər birindən üç komanda iştirak edəcək. Azərbaycan yığma komandası turnirə ev sahibi, Əlcəzair komandası kubok sahibi qismində qatılacaq”, - deyə o qeyd edib.