Prezident İlham Əliyev Təhsil Nazirliyinin təşəbbüsünü dəstəkləməklə hər bir Aərbaycan vətəndaşının prezidenti olduğunu və hər bir məzun üçün bərabər imkanların yaradılmasına tərəfdar olduğunu bir daha nümayiş etdirdi. Təhsil naziri Mikayıl Cabbarov belə bəyan edib.
Təhsil nazirinin Prezident İlham Əliyevə müraciəti əsasında dövlət başçısı nazirliyin orta məktəbi bitirmiş məzunlara attestatların verilməsi təklifinə baxılması prosesinin sürətləndirilməsi barədə tapşırıq verib.
Tapşırıq əsasında müvafiq dövlət orqanları qısa vaxt ərzində bu məsələni nəzərdən keçirdikdən sonra öz təkliflərini Nazirlər Kabinetinə təqdim ediblər.
Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsini tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər edilib.
Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.
11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriyadan olan məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.
Bu qərarın qəbul edilməsi ilə məzunların böyük əksəriyyəti ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək, eləcə də fəal sosial həyata qoşulmaq imkanı əldə edirlər.
2010, 2011 və 2012-ci illərdə attestat almayan şagirdlərin sayı müvafiq olaraq məzunların ümümi sayının 22, 24 və 10,5%-ni təşkil edib.