Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstandan yüklərin Azərbaycan vasitəsilə tranzit marşrutunu ən stabil marşrut hesab edir.
“Azərbaycan Əfqanıstandan yüklərin tranzitinin 40%-ni təmin edir. Bizim marşrut ən stabil hesab oluna bilər”, - deyə İ.Əliyev çərşənbə günü Bakıda “Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunun açılışında bəyan edib.
O qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq mərhələsi başlayır.
“Şadam ki, təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni səhifə açırıq”, - deyə dövlət başçısı vurğulayıb və qeyd edib ki, Azərbaycan və ABŞ Əfqanıstanda sülhün təmin olunması sahəsində qarşılıqlı fəaliyyət göstərir.
O bildirib ki, ötən illər ərzində Azərbaycan ABŞ ilə hazırda strateji tərəfdaşlıq xarakteri daşıyan xüsusi əməkdaşlıq qurub.
“Biz ilk gündən strateji tərəfdaşlığa çevrilən xüsusi əməkdaşlıq qurmuşuq”, - deyən dövlət başçısı əlavə edib ki, bu əməkdaşlıq daim inkişafdadır.
Prezident qeyd edib ki, Amerika şirkətləri Azərbaycana investisiya yatırımlarına görə əsas investorlar sırasındadır.