Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistanın özü üçün təhlükəlidir, çünki bununla ölkə özünü daha çox təcrid edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
“Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan üçün deyil, Ermənistanın özü üçün də təhlükəlidir, çünki bu ölkə regional layihələrdən kənarda qalır”, - deyə E.Məmmədyarov bu gün Bakıda keçirilən “Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunda bildirib. Nazirin sözlərinə görə, Ermənistan münaqişənin həllinin ona verəcəyi üstünlüklərdən istifadə etməlidir.
“Bu gün Ermənistan ağır vəziyyətdədir, onun əhalisi pis şəraitdə yaşayır”, - deyə XİN başçısı vurğulayıb.
Nazir söyləyib ki, Azərbaycan milliyyətindən asılı olmayaraq bütün respublika vətəndaşlarına qayğı göstərir.
“Azərbaycan unikal ölkədir. Burada müxtəlif din və millətlərin nümayəndələri dinc və yanaşı yaşayırlar”, - deyən nazir əlavə edib ki, bu, onun bu yaxınlarda İsrailə baş tutan səfəri zamanı keçirilən görüşlərdə də qeyd edilib.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxışında bildirib ki, iki ölkə demokratiya, təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə birgə iş aparır.
“Münasibətlərimizin gözəl gələcəyi var. Biz Azərbaycanı suveren, müstəqil qərarlar verən və bazar iqtisadiyyatına malik olan ölkə kimi görmək istəyirik”, - deyə R.Morninqstar vurğulayıb.