Azərbaycan Vergilər Nazirliyi Avropa Birliyinin 6 ölkəsi ilə “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması”na dair sazişin imzalanması barədə danışıqlar aparır. Bu barədə Avropa Birliyinin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib.
“İndiyədək Azərbaycan AB-nin 19 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalayıb. Hazırda Azərbaycan analoji sazişlərin imzalanması üçün daha 6 ölkə ilə danışıqlar aparır”, - deyə R.Kobia çərşənbə günü Bakıda “Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” (E-Audit) Tvinninq layihəsinin başa çatması ilə əlaqədar keçirilən mərasimdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün Rəqabət Məcəlləsinin qəbul edilməsi mühümdür. “Bu sənəd artıq banklar və müəssisələrlə müzakirə olunub. Hazırda həmin sənəd parlamentdədir (Məcəllənin üçüncü oxunuşda qəbulu üçün hazırlıq gedir – İF-Az). Bu, rəqabətliliyin artırılması və investisiyaların cəlb olunması üçün vacib sənəddir”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan 39 ölkə ilə gəlirlərə və kapitala görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılma prinsipini tətbiq edir. Ümumilikdə Azərbaycan 42 ölkə ilə analoji sazişlər imzalayıb.