Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın bir çox turizm zonalarının mövsümün açılışına hazır olmadığını söyləyir.
“Respublikanın turizm obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün iyunun 15-nə qədər vaxt verilib”, - deyə nazir turizm obyektlərinin monitorinqi ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda nazirliyin nümayəndələri bütün turizm zonalarında monitorinq keçirirlər. Monitorinqdə Səhiyyə və İqtisadi İnkişaf nazirliklərinin, eləcə də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edirlər.
Ə.Qarayev qeyd edib ki, nazirlik turistlərin yüksək səviyyədə istirahətinin təmin edilməsi, onların istirahətinin yalınız otellərlə məhdudlaşmaması üçün səy göstərir”.
“Biz turistlərin Azərbaycanın tarixi və mədəni abidələrinə baş çəkməsini təmin etmək istəyirik”, - deyə nazir bildirib.
O, həmçinin qeyd edib ki, ötən illə müqayisədə Azərbaycanda turizm sahəsində 10-20% azalma müşahidə edilir.