ABŞ-ın “Heritage” Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə aparıcı eksperti Ariel Koen hesab edir ki, Amerika Azərbaycanı müdafiəsi altına götürməlidir.
“Soyuq müharibə bitib, lakin Rusiyada bəziləri bunu anlamır”, - deyə A.Koen çərşənbə günü Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunda bəyan edib. O, buna misal olaraq Moskvanın Azərbaycanın enerji siyasətinə qarşı qısqanc münasibətini qeyd edib.
“Bizim Cənubi Qafqazı tərk etmək hüququmuz yoxdur. Çünki bu, strateji cəhətdən mühüm regiondur. Azərbaycan cənubdan təzyiqə məruz qalır. İran Azərbaycana qarşı ərazi iddiasındadır, Gülüstan və Türkmənçay müqavilələri barədə xatırladır, respublikanın zəbt olunmasını istəyir. Məni məyus edən odur ki, ölkəmin hökuməti buna lazımi diqqət yetirmir”, - deyə o vurğulayıb və bəyan edib ki, ABŞ bu məsələ ilə məşğul olmalıdır. Çünki burada mühüm boru kəmərləri fəaliyyət göstərir və Azərbaycan Əfqanstanda ABŞ-a yardım edir.
A.Koen tolerantlıq və əsrlər boyu xalqların və dinlərin dinc yolla birgə yaşamaları baxımından Azərbaycanı nümunəvi ölkə adlandırırb.
“Biz Cekson-Venik düzəlişi kimi, 907-ci düzəlişi (Azadlığa Dəstək Aktına – İF-Az) də ləğv etməliyik. Azərbaycanı təkcə İrandan deyil, həm də sünni radikallardan, Əl-Qaidədən qorumalıyıq. Biz Azərbaycanın yanında olmalıyıq”, - deyə amerikalı ekspert vurğulayıb.