Azərbaycan İran məsələsində müstəsna rol oynaya bilər. Amerikanın Corctaun Universitetinin eksperti Brenda Şafer belə bəyan edir.
“Unutmaq olmaz ki, İran əhalisinin üçdə birini azərbaycanlılar təşkil edir və onlar şimalda baş verən hadisələri diqqətlə izləyirlər”, - deyə B.Şafer çərşənbə günü Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ forumunda çıxışı zamanı bildirib. O qeyd edib ki, İranın ali dini lideri və bir çox aparıcı siyasətçiləri etnik azərbaycanlılardır.
B.Şaferin sözlərinə görə ABŞ-ın bu regionda strateji müttəfiqə ehtiyacı var.
“ABŞ-ın Azərbaycana ehtiyacı var. Ola bilsin ki, burada demokratiya ilə bağlı məsələlər tam həllini tapmayıb, lakin bir yəhudi kimi deyə bilərəm ki, bu ölkədə bir çox hüquqlar müdafiə olunur”, - deyə ekspert bəyan edib.
O, ABŞ Konqresinin 20 il ərzində Dağlıq Qarabağa maliyyə vəsaiti ayırması faktını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“İşğal olunmuş ərazilərə böyük məbləğdə olmasa da, vəsait ayrılır. Mən orada olmuşam, orada heç kim yaşamır”, - deyə B.Şafer söyləyib. Onun fikrincə, Amerika qanunvericiləri bu praktikanı dayandırmalıdırlar.
“Xahiş edirəm, bu məsələdə daha qətiyyətli olun”, - deyə o, Amerika konqresmenlərinə müraciət edib.