3-7 iyun tarixlərində Cenevrədə Azərbaycan hökuməti və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyi arasında danışıqların növbəti raundu keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edəcək.
“Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Carins Group”un üzvləri ilə kənd təsərrüfatına daxili dəstək üzrə danışıqlar aparacaq”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, Honduras, Çinin Tayvan əyaləti, Koreya Respublikası və Hindistanla mal və xidmətlər üzrə ikitərəfli danışıqların aparılacağı planlaşdırılır.
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq üçün müraciət edib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin mayında Oman və BƏƏ, 2010-cu ilin mayında Gürcüstan, 2012-ci ildə isə Qırğızıstanla ÜTT-yə daxil olmaqla bağlı danışıqların başa çatması haqqında ikitərəfli protokol imzalayıb. Moldova və Qırğızıstanla da analoji protokolların imzalanması planlaşdırılır.