Qəbələdə 15 yaşadək futbolçular arasında Qəbələ Kuboku-2013" ikinci beynəlxalq futbol turnirinin rəsmi açılış mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Açılış mərasimində çıxış edən “Qəbələ" idman klubunun prezidenti Taleh Heydərov ölkədə idmanın bütün sahələrinə, o cümlədən futbola göstərilən dövlət qayğısı, qazanılan uğurlar barədə məlumat verib. O, "Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarından irəli gələn vəzifələrin uğurla icra edildiyini bildirib, futbolun təbliği və yayılması, futbolçuların idman ustalıqlarının artırılması, perspektivli futbolçuların aşkar edilməsi, uşaq futbolunun inkişafı məqsədilə görülən işləri yüksək qiymətləndirib.
"Qəbələ" klubu yarandığı vaxtdan uşaq futbolunun inkişafına dair uzunmüddətli plan və strategiya müəyyənləşdirib. "Qəbələ" Azərbaycanda futbol akademiyası yaradan ilk klubdur. Artıq ikinci ildir ki, klub 15 yaşadək futbolçular arasında beynəlxalq turnir təşkil edir.
"Bu gün aramızda iki əfsanəvi futbolçu - Toni Adams və Roy Makay yer alıb. Onlar 15 yaşadək futbolçuların bu gün keçdiyi inkişaf yolunu vaxtilə keçiblər və futbol aləmində böyük ad qazanıblar. Ən böyük arzum odur ki, bu uşaqlar nə vaxtsa onlar kimi adlı-sanlı futbolçular olsunlar", - deyə klubun prezidenti vurğulayıb.
Turnir "Qəbələ"-"Beşiktaş" qarşılaşması ilə başlayıb və 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. "Portu" və "Bakı" klubları arasında keçrilən digər oyunda portuqaliyalılar 6:0 hesabı ilə qalib gəliblər.
Cümə axşamı "Şaxtyor" - "Barselona" və "Feyenoord" - "Zenit" oyunları keçiriləcək.
Turnirin proqramına əsasən, həmin gün yarımfinallar keçiriləcək. Həlledici qarşılaşmalar isə iyunun 1-də baş tutacaq.