Multikulturalizmin inkişafı müasir dünyanın ən aktual məsələlərindən biridir, bir vaxtlar multikulturalizmin olmaması Dağlıq Qarabağ münaqişəsinin baş verməsinin səbəblərindən biri oldu. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda işə başlayan II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində bəyan edib.
“Multikulturalizmin alternativi yoxdur, çünki onun alternativi diskriminasiya, ksenofobiya, irqçilik, faşizm deməkdir. Hesab edirəm ki, XXI əsrdə dünya birliyi bu cür mənfi hallarla fəal mübarizə aparmalıdır”, - deyə İ.Əliyev bildirib.
Prezidentin sözlərinə görə, məhz multikulturalizmin aşağı səviyyədə olması səbəbindən Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etməsi ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsi baş verib.
Dövlət başçısı problemin həllində beynəlxalq hüquq normalarının işləmədiyini və bunun nəticəsində münaqişənin 20 ildən çox müddətdə həllini tapmamasını təəssüflə qeyd edib.
“Münaqişənin tezliklə həlli bir tərəfdən beynəlxalq hüquq normalarına hörməti ifadə edəcək, digər tərəfdən isə tarixi ədalətin bərpasına gətirib çıxaracaq”, - deyə İ.Əliyev vurğulayıb.
O əlavə edib ki, Dağlıq Qarabağ tarixən Azərbaycana məxsus olub, bu regionun toponimləri də bunu sübut edir.
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir”, - deyə Prezident vurğulayıb.
İ.Əliyev Azərbaycanın işğal edilmiş ərazilərində tarixi, mədəni və dini abidələrin əksəriyyətinin ermənilər tərəfindən məhv edilməsini, bunun ATƏT-in hər iki qiymətləndirmə missiyasının hesabatlarında təsdiq edilməsini forum işrirakçılarının diqqətinə çatdırıb.
Dövlət başçısının sözlərinə görə, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc və birgə yaşadığı ölkə olan Azərbaycan multikulturalizm nümunəsidir.
Prezident forumun yekunlarına əsasən mədəniyyətlərarası dialoqun inkişafı üzrə gələcək fəaliyyət planının hazırlanacağına əminliyini ifadə edib.