Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı, qida və sənaye sahələrində əməkdaşlığı genişləndirə, birgə müəssisələr yarada bilər. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov cümə axşamı Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumunda bildirib.
“Ölkələr arasında siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi münasibətlərin də inkişafına və iqtisadiyyatın diversifikasiyasına imkan yaradır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün böyük potensial var”, - deyə N.Səfərov bildirib.
Nazir müavini qeyd edib ki, ölkələr arasında “yaxşı müqavilə-hüquq bazası” mövcuddur. İndiyədək “İkiqat vergitutmanın aradan qaldırılması”, “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” mühüm sazişlər imzalanıb. İndiyədək 90-dan artıq sənəd imzalanıb”, - deyə N.Səfərov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda Qazaxstan kapitalı ilə 37 şirkət fəaliyyət göstərir. “Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb və Qazaxıstan şirkətləri bizneslərinin aparılması üçün yaradılan şəraitdən istifadə edə bilərlər”, - deyə o əlavə edib.
O bildirib ki, ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün həm dövlət strukturları, həm də biznes cəmiyyətinin üzərinə ağır yük düşür.
Nazir müavini Qazaxıstan nümayəndə heyətinə bildirib ki, Azərbaycan “investisiyaların ixracatçısıdır”.
Atırau şəhərinin akimi Serik Aydarbekov bəyan edib ki, Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas tərəfdaşıdır və Qazaxıstan tərəfi ikitərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır.
Daha sonra tərəflər Azərbaycan və Qazaxıstanın investisiya imkanlarının təqdimatını keçiriblər.