Mədəniyyətlərin yaxınlaşması sivilizasiyanı qorumaq iqtidarında olan əsas amildir. ISESCO-nun baş katibi Əbdüləziz Osman Əl-Tüveycri belə hesab edir.
“Dünyada əsas problemlər dialoqun, qarşılıqlı etimadın və bir çox digər amillərin olmaması ilə əlaqədardır”, - deyə o, bu gün Bakıda işə başlayan II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Ə.Tüveycrinin sözlərinə görə, ilk növbədə, gələcək nəsli formalaşdıran intellektual elit təbəqənin nümayəndələri arasında dialoq qurulmalıdır.
“Biz mədəniyyətləri yaxınlaşdırmaqla, keçmiş səhvlərə bir daha yol verməmək üçün intellektual dialoqa şərait yaradırıq. Dialoq zorakılığın qarşısının alınmasının ən ağıllı yoludur”,- deyə ISESCO-nun baş katibi bildirib.
“Böyük İpək Yolunun bir hissəsi olan Azərbaycan bu gün mədəniyyət mərkəzinə çevrilib”, - deyə tədbirdə çıxış edən UNESCO-nun baş katibi İrina Bokova söyləyib. O qeyd edib ki, İçərişəhər tarixi memarlıq abidəsi, Novruz bayramı və muğam UNESCO-nun “Qeyri- maddi mədəni irs siyahısı”na daxil edilib.
Onun sözlərinə görə, indiki mürəkkəb şəraitdə, münaqişə və maliyyə böhranlarının mövcud olduğu bir zamanda müxtəlif dövlətlər mədəni müxtəlifliyin inkişafı üçün yeni imkanlar yaratmaq və dəstəkləmək məqsədilə birgə səyləri artırmalıdırlar.
“Bu gün təkcə tolerantlıq kifayət deyil. Dialoqun yeni formalarına ehtiyac var”, - deyə o vurğulayıb.
İ.Bokova qeyd edib ki, 2013-2022-ci illər Mədəniyyətlərin Yaxınlaşmasının Beynəlxalq Dekadası elan edilib.
Öz növbəsində, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl Naser dünyada ksenofobiya və marginalizasiya hallarının yayılmasının yolverilməz olduğunu bəyan edib.
“Bəzi regionlarda insanlar yalnız milli azlıqların nümayəndələri olduqları üçün zorakılığa məruz qalırlar. Bu çox təhlükəlidir”, - deyə o vurğulayıb. Onun sözlərinə görə, bu cür hallara yol verilməməsi ayrı-ayrı ölkə və cəmiyyətlərin rəhbərləri qarşısında vacib vəzifə olaraq durur.
“Biz rəhbərlərdən bu məsələyə qarşı məsuliyyətli münasibət tələb edirik”, - deyə Nasir Əbdüləziz əl- Naser vurğulayıb.
BMT nümayəndəsi sivilizasiyalar arasında daha əvvəl yaradılmış dialoqun əhəmiyyətini qeyd edib.
“KİV, biznes sektor nümayəndələri və vətəndaş cəmiyyəti bu prosesdə fəal iştirak etməlidirlər”, - deyə o əlavə edib.