Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) "Pizza-İnn" restoranını 5 min manat məbləğində cərimələyib. Bu barədə komitədən məlumat verilib.
Məlumatda qeyd olunur ki, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti aprelin 11-də «Pizza-İnn» kafe-restoranında araşdırma aparıb və bir sıra pozuntular aşkar edib. Xüsusilə istifadə müddəti ötmüş mal əti, o cümlədən ət məhsulları aşkar edilib. Bundan başqa, müəssisədə biskvitli-kremli tort və pirojnaların gigiyenik və uyğunluq sertifikatları, mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan istehsal olunması müəyyən edilib. Bundan başqa, müəssisədə məhsulların saxlanma şəraitinə nəzarət olunmayıb.
Pozuntu faktları ilə əlaqədar restorana tort və pirojnaların istehsalı və satışı qadağan edilib. Fiziki şəxs Natiq Qədirova məxsus obyektdə cari il mayın 12-dək çatışmazlıqların aradan qaldırılması üçün göstəriş verilib.
“Dövlət Komitəsi tərəfindən təkrar yoxlama aparılıb. Nəticədə müəyyən edilib ki, restorana verilən tələbnamələr tam icra olunmayıb. Restoranda istehlakçılara təqdim olunan yeməklərin hazırlanmasında ölkəmizdə istehsal olunan ətlərlə yanaşı, Braziliyadan idxal olunan «Friboy» nişanlı uyğunluq sertifikatı olmayan dondurulmuş mal ətindən istifadə olunduğu müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla əlaqədar N.Qədirov barəsində inzibati protokol tərtib edilib, müəssisə rəhbərinə bir daha xəbərdarlıq edilib. N.Qədirov 5 min manat cərimə olunub”, - deyə məlumatda qeyd edilib.