Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım məqsədilə humanitar əlaqələri inkişaf etdirməlidir. Bu barədə Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bəyan edib.
“Müharibəni heç kim istəmir. Mən indi öz humanitar nöqteyi-nəzərimdən çıxış edirəm. Humanitar əlaqələrin inkişaf etməsi bizim üçün çox vacibdir. Çünki hansı qərarın qəbulundan asılı olmayaraq, əsas odur ki, bu qərarları sonra xalq da qəbul etsin”, - deyə o, cümə axşamı Bakıda jurnalistlərə bildirib.
M.Şvıdkoy qeyd edib ki, Qarabağ probleminin həllində yalnız ölkə rəhbərliyi səviyyəsində deyil, həm də cəmiyyət səviyyəsində dialoq vacibdir. “Əminəm ki, ictimai təşkilatların, vətəndaş cəmiyyətinin xətti ilə istənilən əlaqələr də olduqca əhəmiyyətlidir”, - deyə o vurğulayıb.
“Xalqların bu və ya digər qərarların hansı səbəbdən qəbul edilməsini anlamaları çox vacibdir”, - deyə M.Şvıdkoy əlavə edib.
RF prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsinin fikrincə, bu prosesdə irəliləyişlər çox ehtimal ki, cari ilin oktyabr ayında Azərbaycanda keçiriləcək seçkilərdən sonra baş verəcək. “Amma seçkilərə kimi vaxt itirməyə dəyməz. Çünki həm Azərbaycan, həm Ermənistan cəmiyyəti, həm beynəlxalq birlik vəziyyətin normallaşması üçün hansı addımlar atılacağını gözləyir”, - deyə o bildirib.
“Bir daha demək istəyirəm ki, bu istiqamətdə istənilən səylər xeyirlidir. Rusiyanın bu vəziyyətdə mövqeyi aydındır - biz həm Ermənistanla, həm də Azərbaycanla strateji dostluq əlaqələrini anlayaraq Cənubi Qafqazda və ölkələr arasındakı münasibətlərdə sabitliyin olmasını istəyirik. Sabitlik bizim üçün çox önəmlidir. Ümid edirəm ki, hər halda sağlam düşüncə qalib gələcək”, - deyə M.Şvıdkoy vurğulayıb.