Rusiyanın Qəbələ RLS-in icarəsindən və Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqavilədən imtina etməsi qərarı iki ölkə arasında münasibətlərin pisləşməsinə dəlalət etmir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə hesab edir.
“Münasibətlər heç də pisləşməyib. Qəbələ, Novorossiysk – bunlar iqtisadi məsələlərdir. Rusiya bizim üçün strateji tərəfdaşdır”, - deyə P.Bülbüoğlu bəyan edib.
Səfir qeyd edib ki, bu yaxınlarda Moskvada Azərbaycan və Rusiya XİN başçıları Elmar Məmmədyarov və Sergey Lavrov arasında görüş dostluq şəraitində keçib. Nazirliklər arasında birgə fəaliyyət planı imzalanıb.
P.Bülbüloğlu deyib ki, Bakı-Novorossiysk neft boru kəməri ilə bağlı məsələ bir neçə il əvvəl yaranıb. Bu dövr ərzində məsələ dəfələrlə ikitərəfli iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarında qaldırılıb.
“Bu məsələ ən azı 10 il əvvəl yaranıb. Rusiya bildirirdi ki, Azərbaycan neftin razılaşdırılan həcmini nəql etmir. Azərbaycan tərəfi isə Novorossiyskdə bu boru kəməri vasitəsilə nəql olunan neftinin qarışdırılması və nəticədə onun qiymətinin aşağı düşməsindən narazı olub. Yekun olaraq müqavilənin hər iki tərəf üçün sərfəli olmadığı barədə birgə razılığa gəlinib. Hazırda danışıqlar aparılır, çox güman ki, hansısa həll yolu tapılacaq”, - deyə səfir bildirib.
P.Bülbüloğlunun sözlərinə görə, Qəbələ RLS-ə gəlincə, bu məsələdə Rusiya özü obyektdən imtina edib. Rusiyalı mütəxəssis və hərbçilərin bu obyektdən getməsi məsələsi də konstruktiv məcrada həll edilir, avadanlıq artıq çıxarılıb.
“Rusiya ilə hər hansı problem yarandıqda, özünün konstruktiv həllini tapır. Qarşılıqlı münasibətlərdə heç bir gərginlik yoxdur. Bütün bunlar jurnalistlərin əsassız ehtimalıdır”, - deyə səfir vurğulayıb.