Beynəlxalq birlik işğal olunmuş Azərbaycan ərazilərində mədəni, tarixi və dini obyektlərin dağıdılmasının qarşısının alınması üzrə səylər göstərməlidir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
Nazir cümə axşamı Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı vurğulayıb ki, belə cinayətlərin səbəbkarları yalnız digər ölkələrin mədəni irsini deyil, həm də tarixini məhv etməyə çalışırlar.
“Ərazisinin 20 faizinin işğal altında olduğu Azərbaycan da bundan əziyyət çəkir. Ölkəmizin işğal olunmuş ərazilərində vandalizm aktlarına yol verilib, təkcə mədəni və tarixi deyil, həm də dini abidələr və qəbiristanlıqlar dağıdılıb”, - deyə XİN başçısı qeyd edib.
Onun sözlərinə görə, mədəniyyətlərarası dialoq qarşılıqlı anlaşmaya nail olmaq üçün çox aktual mövzudur.
“Dialoq bütün səviyyələrdə – milli, regional və beynəlxalq səviyyələrdə aparılmalıdır. Dialoq bütün tərəflərə fayda verməli və maraqları nəzərə almalı, eləcə də bütün sahələrdə - elmi, iqtisadi, sosial sahələrdə tərəqqiyə şərait yaratmalıdır”, - deyə E.Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, müasir dünyanın əsas məqsədi çoxmədəniyyətli cəmiyyətin yaradılması olmalıdır.
“Siyasi liderlərin və vətəndaş cəmiyyətinin əsas vəzifəsi dövlətin həyatına müxtəlif qrupların cəlb olunmasına əngəl törədən maneələrin aradan qaldırılmasıdır. Bunun üçün biz ümumi dəyərlərdən istifadə etməliyik”, - deyə XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, “mədəniyyət – insanları birləşdirən alətdir. Bu aləti hər kəsin ümumi inkişafa, dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verə biləcəyi bölünməz dünyanın yaradılması üçün istifadə etmək lazımdır.
“Biz hər zaman qorunaraq gələcək nəsillərə ötürülməli olan mədəni irsin uğurlu inkişafını təmin etmək məqsədilə regionlararası qlobal əməkdaşlığın əsas elementi kimi mədəniyyəti möhkəmlətməliyik”, - deyə E.Məmmədyarov qeyd edib.
Nazirin sözlərinə görə, gənclərlə işə də böyük diqqət ayrılmalıdır.
“Biz diqqəti gənclərə yönəltməliyik. Bəzi gənclər dünyanın müxtəlif hissələrində terror aktları törədir, intihara cəhd edirlər. Bizim vəzifəmiz gənclərin mədəni mübadilə prosesinə cəlb olunmasıdır. Gənclər özlərini mədniyyətlərarası dialoqun bir hissəsi kimi hiss etməlidirlər”, - deyə nazir bildirib.