Mədəniyyətlərarası Dialoq üzrə III Ümumdünya Forumu 2015-ci ildə yenidən Bakıda keçiriləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
“UNESCO, ISESCO və BMT-nin Sivilizasiyalar Alyansı səfirlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə 2015-ci ildə Bakıda keçiriləcək növbəti foruma təxirəsalınmaz hazırlıq məqsədi ilə təşkilat komitəsinin yaradılması barədə təklif irəli sürülüb”, - deyə Ə.Qarayev cümə günü Mədəniyyətlərarası Dialoq üzrə II Ümumdünya Forumu çərçivəsində mədəniyyət nazirlərinin iclasında bildirib.
Nazir vurğulayıb ki, “mədəniyyət və turizm sahələrini təmsil edən insanların şəxsi əlaqələri dinc cəmiyyətin və etimada əsaslanan münasibətlərin yaranmasında böyük rol oynayır.
Mədəniyyət və quruculuğun mədəniyyətlərarası dialoqun əsas tərkib hissəsi olduğunu deyən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Naser Əbdüləziz əl Naser qeyd edib ki, buna görə də Azərbaycan cazibə mərkəzinə çevrilib.
“Dünyanın hər yerindən gələn nümayəndələr mədəni müxtəliflikdə cəmiyyət quruculuğunun inkişafı yolunda doğru istiqamətləri müzakirə edirlər”, - deyə Naser Əbdüləziz əl Naser bildirib. O söyləyib ki, əlaqələrin möhkəmləndirilməsi üçün mədəniyyət, incəsənət və turizmi inkişaf etdirmək, xüsusən də birgə layihələr həyata keçirmək lazımdır. Onun sözlərinə görə, hər il dünyada 1 milyarddan çox insan sərhədləri keçir, onlardan 25%-i gənclərdir.
“Biz informasiyanın çox böyük sürətlə yayıldğı eraya daxil oluruq və bundan ümumi məqsədlərə, yəni mədəni müxtəlifliyə malik cəmiyyətdə sülh və tərəqqiyə nail olmaq üçün istifadə etməliyik.