Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ümumdünya elminin təşəkkülü və inkişafında Şərq alimlərinin rolunu qeyd edir.
“İslam elmi anlayışı mövcuddur. Elm – insan fəaliyyətidir. Xüsusilə də Qərbdə aydın olur ki, orta əsrlərdə Avropaya bir çox anlayışlar islam dünyasından gəlib. Dünyada aparılmış 15 ən mühüm tədqiqat islam dünyasından gəlib”, - deyə E.İskəndərov cümə günü II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində elm və dinin qarşılıqlı əlaqəsi ilə bağlı məsələlərin müzakirəsi zamanı bildirib.
E.İskəndərovun sözlərinə görə, biologiya, cəbr, kimya kimi elmlərin əsası Bağdad və Qahirə şəhərlərində qoyulub.
“İslam hər zaman elmə xüsusi diqqət ayırır. Düşünürəm ki, bununla əlaqədar vacib məqamlardan biri islam sivilizasiyasının intibahı, insanları düşünməyə vadar edən islamdır”, - deyə o əlavə edib.
Komitə sədri həmçinin qeyd edib ki, dinin elmlə paralel olaraq inkişafı mühüm məqamdır. “Ən əsası bütün məsələlərə elmi nöqteyi-nəzərdən yanaşmaqdır”, - deyə o əlavə edib.
İSESCO-nun baş katibi Əbdüləziz Osman Əl Tüveycri bəyan edib ki, bəzi insanlar islamı tamamilə inkar edirlər və düşünürlər ki, onun elmə heç bir aidiyyatı yoxdur. Lakin elələri də var ki, onlar dinin elmdən üstün olduğunu iddia edirlər.
“Amma qeyd etmək lazımdır ki, din təbii fenomendir. Əgər elmin bütövlükdə dinə tabe olduğunu desək, bu, ədalətsizlik olardı. İnsanlar fövqəltəbii qüvvəyə inanırlar. İslamda elm və din qarşılıqlı əlaqədədir. Bəzi elmi faktlar Quranda öz təsdiqini tapır. Lakin biz nə elmi, nə də dini inkar edə bilərik”, - deyə o bildirib.