Milli Məclisin sədri Oqtay Əsədov iyunun 3-də Belçikaya rəsmi səfərə gedir. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
O.Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin tərkibinə deputatlar Çingiz Əsədullayev, Asim Mollazadə, Rövşən Rzayev, Fuad Muradov, Sahibə Qafarova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Belçika parlamentində olacaq, ölkə parlamentinin Nümayəndələr Palatasının sədri Andre Flao, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun başçısı Filip Blanşarla görüşlər keçirəcək, qanunverici orqanlar arasında əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Səfər çərçivəsində Milli Məclis sədrinin Avropa Parlamentində təşkilatın prezidenti Martin Şults, Parlamentin Xarici əlaqələr komitəsinin sədri Elmar Brok və Azərbaycanla dostluq qrupunun üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Nümayəndə heyəti Avropa İttifaqı Şurasında da olacaq, burada O.Əsədovun qurumun prezidenti Herman Van Rompuy, Avropa Komissiyasının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə də görüşləri gözlənilir.
Bu görüşlərdə Azərbaycanın Avropa strukturlarına inteqrasiyası, Avropa İttifaqı, onun Parlamenti ilə ikitərəfli əlaqələrin inkişafı və tərəfləri maraqlandıran məsələlər ətrafında danışıqlar aparılacaq.
Səfər iyunun 6-da başa çatacaq.