Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyir.
“ATGTİ ətrafında birləşmiş təşkilatlar qarşıdan gələn prezident seçkilərində İ.Əliyevin namizədliyini dəstəkləyir”, - deyə ATGTİ sədri Şahin İsmayılov yekun hesabat konfransında çıxışı zamanı bildirib.
Tədbirdə Azərbaycan gənclərinin İ.Əliyevə səs verməyə hazır olduqlarını bildirdikləri videoçarx nümayiş olunub.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının rəhbəri Fəttah Heydərov ATGTİ-nin İ.Əliyevi dəstəkləmək təşəbbüsünü bəyəndiyini söyləyərək, bunu “düzgün seçim” adlandırıb.
“Siz doğru yoldasınız. Hesab edirəm ki, bu yol xoşbəxt gələcəyə aparır”, - deyən F.Heydərov İ.Əliyevin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olduğunu vurğulayıb.
Yekun konfransında Bakıdan 600-dən çox tələbə iştirak edir. Gəncə, Lənkəran və Naxçıvandan olan tələbələr konfransa videokörpü vasitəsi ilə qoşulublar. Konfransda təşkilatın son 10 il ərzində dövlət tərəfindən yürüdülən gənclər siyasətinə verdiyi töhfələr və gördüyü işlər müzakirə edilib.