Əsas ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) idarə heyətinin növbədənkənar iclasında senatorluq institutunun yaradılması barədə qərar qəbul edilib. Bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yığıncaqda Azərbaycan həqiqətlərini müxtəlif beynəlxalq təşkilatlara, habelə Benilüks məkanındakı ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində görülən tədbirlər müzakirə olunub, bu sahədə işlərin təkmilləşdirilməsinin və yeni layihələrin reallaşdırılmasının vacibliyi vurğulanıb.
İclas iştirakçıları BAK-ın tərkibində Azərbaycana dair məlumatları operativ şəkildə çatdıran və lobbiçilik məsələləri ilə ciddi məşğul olan senatorluq institutunun yaradılmasına dair qərar qəbul ediblər.
Senatorluq institut Benilüks ölkələrində yaşayan azərbaycanlıları BAK ətrafında daha sıx birləşdirmək və onların fəaliyyətini istiqamətləndirmək məqsədi daşıyacaq, Avropa Parlamentində akkreditə olunan lobbiçilik qrupunun işinə lazımi dəstək verəcək, ən aktual məsələləri idarə heyətinin müzakirəsinə göndərəcək, qəbul olunan qərarların icrasına nəzarət edəcək və konqresin fəaliyyət istiqamətini müəyyənləşdirəcək.
Senatorluq institutunun yeddi nəfərdən ibarət üzvü artıq öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.