ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyində əməyin mühafizəsinin gücləndirilməsinə həsr edilmiş geniş seminar-müşavirə keçirilmişdir.
Müəssisə rəhbərlərinin, sex və istehsalat rəislərinin, aparıcı mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə kimya müəssisələrində əməyin mühafizəsi üzrə norma və standartlara əməl edilməsi, yanğın təhlükəsizliyi tədbirlərinin effektliyinin artırılması ilə əlaqədar son 5 ay ərzində görülmüş işlər və aparılmış yoxlamaların nəticələri barədə analitik məlumat verilmişdir.
İstehsalatın mühüm sahələrindən olan energetika sistemində əməyin mühafizəsi, texniki təhlükəsizliyin və sağlam əmək şəraitinin təmini ilə bağlı Etilen-polietilen zavodunda və digər istehsalat sahələrində həyata keçirilmiş tədbirlərlə əlaqədar Birliyin baş energetikinin hesabatı dinlənilmişdir. Qeyd edilmişdir ki, kimya müəssisələrinin elektrik təsərrüfatında aparılmış yoxlamalar əsasında son aylarda nöqsanların aradan qaldırılmasının nəticəsi olaraq heç bir qəzaya yol verilməməsi ilə yanaşı enerjidaşıyıcılara da xeyli qənaət edilmişdir.
Tədbirin sonunda əməyin mühafizəsi üzrə maarifləndirmə proqramına uyğun olaraq müvafiq videofilm nümayiş olunmuşdur.