Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) iyunun 10-dan sığorta şirkətlərinin nümayəndələri üçün təlimlər keçirəcək. Bu barədə mərkəzin məlumatında bildirilir.
“ABTM sığorta bazarının təlimə olan ehtiyacını təhlil edərək, iyunun 10-dan etibarən sığorta işi üzrə təlimlərə start verir və iyun-iyul aylarında sığorta şirkətləri üçün aktual olan 10 mövzu üzrə təlim kursları keçirəcək”, - deyə məlumatda qeyd edilir.
Təlimlər Türkiyənin lider treninq təşkilatı olan Türkiyə Sığorta İnstitutu Vəqfi və Azərbaycan sığorta bazarının xüsusi hazırlıq keçmiş ekspertləri tərəfindən aparılacaq.
“ABTM bank işi və biznesin idarə edilməsi sahəsi üzrə olduğu kimi, sığorta işi üzrə təlim və məsləhət xidmətlərini davamlı surətdə təqdim edəcək, bu sektorda fəaliyyət göstərən şirkətlərin institusional inkişafına öz töhfəsini verəcək”, - deyə məlumatda vurğulanır.
ABTM Azərbaycan Banklar Assosiasiyasının struktur bölmələrindən biridir.