KİV işçiləri üçün tikilmiş binada mənzil almağa namizədin irəli sürülməsi məqsədi ilə bu gün “İnterfaks-Azərbaycan” agentliyinin ofisində agentliyin kollektivinin toplantısı keçirilib.
Tədbirdə çıxış edən agentliyin baş direktoru Aleksandr İvanov Azərbaycan Prezidenti İlham Əliyevə və Mətbuat Şurasının rəhbərliyinə ölkədə KİV-ə və xüsusən də “İnterfaks-Azərbaycan” agentliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
“Biz gündəlik işimizdə İlham Əliyevin diqqət və qayğsını hiss edirik. Dövlət başçısının 2010-cu il iyulun 22-də jurnalistlər üçün yaşayış binasının tikilməsi barədə fərmanı bu diqqətin təzahürlərindən biri oldu”, - deyə A.İvanov bildirib.
“Tezliklə bu binanın istifadəyə veriləcəyi ilə əlaqədar olaraq Mətbuat Şurasının nümayəndələri mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan insanların çalışdığı informasiya agentlikləri və digər redaksiyalarda tədbirlər keçirir”, - deyə o əlavə edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə mətbuat sahəsində çalışanlara göstərdiyi qayğıya görə İ.Əliyevə minnətdarlığını bildirib.
“Mən dövlət başçısına səmimi qəlbdən təşəkkür edirəm. KİV nümayəndələrinə yüksək səviyyədə təmir olunmuş mənzillərin verilməsi dünyanın heç bir yerində analoqu olmayan hadisədir”, - deyə V.Rəhimzadə bildirib.
“Ölkə başçısı KİV-ə həmişə xüsusi önəm verib. Yadımdadır, 2010-cu ildə Mətbuat Şurasının binasının açılış mərasimində İ.Əliyev də iştirak edirdi və jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına dair məsələ qaldırıldı. Elə həmin gün, demək olar ki bir neçə saat sonra dövlət başçısı jurnalistlər üçün yaşayış binasının tikilməsi haqqında sərəncam verdi”, - deyə V.Rəhimzadə qeyd edib.
İclasın yekunlarına əsasən, sözügedən binada mənzil almaq üçün agentliyin baş redaktoru Fuad Hüseynzadənin namizədliyinin irəli sürülməsinə qərar verilib.