2013-cü ilin may ayında Azərbaycanda deflyasiya aprel ayı ilə müqayisədə 0,4% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
May ayında ərzaq məhsullarının qiymətləri 0,9% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1% bahalaşıb.
Ay ərzində un, qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, əridilmiş pendir, yağlı kəsmik, yumurta, kərə yağı, zeytun və günəbaxan yağları, limon, banan, alça, çiyələk, kələm, xiyar və pomidor, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, xama, qarğıdalı yağı, alma, armud, göyərti, çuğundur, kök, soğanın qiymətlərində bahalaşma müşahidə olunub.
May ayında qeyri-ərzaq mallarından geyimin, inşaat materiallarından sulu və yağlı boyaların, parket üçün lakın, sementin, kəsilmiş taxtaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, tozsoranların qiymətləri ucuzlaşıb, ayaqqabıların, inşaat materiallarından nitro boyanın, pəncərə şüşəsinin, ağac yonqar və lifli lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün masa və kətilin, yataq mebelinin, çarpayının qiymətləri isə bahalaşıb.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma, ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunub.
Azərbaycan hökuməti 2013-cü ildə orta illik inflyasiyanı 5,7% səviyyəsində proqnozlaşdırır.
2012-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 1,1% təşkil edib.