Milli Təhlükəsizlik Nazirliyi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyətinin göstərilməsi ilə külli miqdarda ziyan vurulması, eləcə də kompüter sisteminə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla qanunsuz daxil olma faktlarını həyata keçirən bir qrup şəxsi zərərsizləşdirib. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzi məlumat verib.
Azərbaycan vətəndaşı Rüstəmov Füzuli və digər şəxslər qanunvericiliklə müəyyən edilən qaydada dövlət qeydiyyatına alınmadan və tələb olunan lisenziyanı almadan «Azerfon» MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər.
Qeyd olunan şəxslər əldə etdikləri «GSM» kanalpaylayıcıları və digər texniki avadanlıqları Bakı şəhərinin Binəqədi rayonunda kirayə götürdükləri mənzildə quraşdırıblar. Dəstə üzvləri «Azerfon» MMC-yə məxsus «GSM» mobil telefon nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər.
Kompleks əməliyyat tədbirləri çərçivəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən eyni üsulla törədilən daha bir cinayətin qarşısı alınıb. Adları hələlik göstərilməyən bir qrup şəxs tərəfindən Bakı şəhərinin Yasamal rayonunda müxtəlif ünvanlarda kirayə götürülən mənzillərdə «GSM» kanalpaylayıcılarının qanunsuz quraşdırılmasının və İnternetə qoşularaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasının qarşısı alınıb.
Həmin mənzillərə keçirilən baxışlar zamanı avadanlıqların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu, həmçinin xüsusi qaydada hazırlanmış mikrosxemli platalı 6 ədəd kompüter prosessoru, 6 ədəd modem və «Azerfon» MMC-yə məxsus 109 ədəd mobil telefon nömrəsinə dair məlumatlar aşkar edilərək sənədləşdirilib.
Müəyyən edilib ki, R.Pirməhəmmədi internet şəbəkəsinə qoşularaq «Atabank» ASC-nin www.atacard.az və «İqtisadiyyat» qəzetinin rəsmi internet səhifəsi www.iqtisadiyyat.com saytına qanunsuz olaraq qəsdən daxil olub və həmin saytın indeksini dəyişib. Onun Sumqayıt şəhərindəki yaşadığı mənzilə keçirilmiş baxış nəticəsində «Sony» markalı 1 ədəd kompüter sistem bloku, 1 ədəd 8 GB mikro SD kart, 2 ədəd 1GB mikro SD kard, üzərində «Хакерский сборник лучших программ» yazılmış 1 ədəd CD disk aşkar edilərək götürülüb. Həmin kompüter sistem blokunun və СD disklərin yaddaşlarına keçirilmiş baxış nəticəsində R.Pirməhəmmədinin göstərilən saytlara qanunsuz daxil olmasını təsdiq edən aşkar izlər müəyyən edilib.