Türkmənistan və Azərbaycan arasında Transxəzər boru kəmərinin tikilməsi məqsədi ilə danışıqlar davam etdiriləcək. Bu barədə Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bəyan edib.
“Hazırda Azərbaycan Avropanın neftə olan tələbatının beş faizini təmin edir”, - deyə o, çərşənbə günü Bakıda “Caspian Oil&Gas” konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan Rusiya və Norveçdən sonra Avropa bazarına enerji resursları tədarük edən əsas dövlətlərdir.
R.Kobia Azərbaycanın gələcəkdə Avropaya əsas qaz tədarükçüsü olacağına əmin olduğunu söyləyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun dəvəti ilə Brüsselə səfər edəcək.
“Hesab edirəm ki, onların görüşü “Cənub qaz dəhlizi” məsələsində irəliləyiş əldə olunmasına xidmət edəcək”, - deyə R.Kobia əlavə edib.
R.Kobianın sözlərinə görə, “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçilməsinə dair qərarın qəbul edilməsi prosesindədir. O, Azərbaycan qazının bu marşrutla Avropaya ilk nəqlinin 2019-cu ilin əvvəlində başlayacağına ümidvar olduğunu deyib.
“Avropa Birliyi “Cənub qaz dəhlizi”ni çoxmərhələli layihə kimi qəbul edir. Biz hesab edirik ki, bu kəmər həmçinin Azərbaycanın digər yataqlarından hasil edilən qazın nəqli üçün də istifadə olunacaq, eləcə də Türkmənistan və İraq qazının cəlb edilməsi perspektivinə malikdir. Bu məqsədlə biz Azərbaycan və Türkmənistanla Transxəzər boru kəmərinin tikintisi ilə bağlı danışıqları davam etdirəcəyik. Bu sahədə razılığa gələcəyimizə ümid edirik”, - deyə R.Kobia əlavə edib.