Əgər “Şahdəniz” konsorsiumu “Nabucco West” qaz kəmərini Azərbaycan qazının Avropaya ixrac marşrutu qismində seçərsə, bu kəmərin tikintisinə 2015-ci ildə başlana bilər. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə “Nabucco” konsorsiumunun icraçı direktoru Reynhard Mitçek bildirib.
“2013-cü ilin aprel ayında “Nabucco West” layihəsi üzrə konsorsium “Şahdəniz” konsorsiumuna öz təkliflər paketini təqdim edib. Əgər “Nabucco West” layihəsinin xeyrinə seçim edilərsə, biz 2015-ci ildə boru kəmərinin tikintisinə başlamaq üçün 2014-cü ildə avadanlıq və materialları hazırlamağa, 2018-ci ilin sonu - 2019-cu ilin əvvəlində isə qazın nəqlinə başlayacağıq”, - deyə R.Mitçek qeyd edib.
Onun sözlərinə görə, “Nabucco West” qaz kəməri ilə həm marşrutun keçəcəyi ölkələrə, həm də Balkan ölkələri, Slovakiya, Çexiya, Polşa, Fransa, Almaniya, Ukrayna və s. ölkələrə qaz nəql oluna bilər.
““Nabucco West”in keçəcəyi tranzit ölkələrin qaza tələbatı 2030-cu ilədək 43 mlrd. kubmetr təşkil edəcək. Onlarla qonşu olan ölkələr nəzərə alınmaqla bu tələbat 246 mlrd. kubmetrə qədər artacaq”, - deyə R.Mitçek bildirib.
Bununla yanaşı, o qeyd edib ki, “Nabucco West” qaz kəməri Avropa ölkələrinin qaza olan tələbatını 8-10% təmin edə biləcək.
“Məqsədimiz Avropanın qaz bazarının tələbatının tam həcmdə təmin olunması deyil, onun inkişafıdır. İnanırıq ki, iyunun sonunda “Şahdəniz” konsorsiumu bu layihənin xeyrinə qərar qəbul edəcək, çünki bizim təkliflərimiz daha sərfəlidir”, - deyə R.Mitçek bildirib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
Hazırda “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya nəqlinin iki variantını - Trans-Adriatik qaz kəməri (Trans-Adriatic Pipeline, TAP) və “Nabucco West” boru kəməri layihəsini nəzərdən keçirir. Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçilməsi ilə bağlı son qərar 2013-cü ilin iyun ayının sonunadək qəbul ediləcək.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. məbləğində qiymətləndirilir. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ilə nəzərdə tutulub. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək.
“Nabucco West” layihəsi “Nabucco” boru kəmərinin qısaldılmış variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinədək qaz kəmərinin çəkilməsini nəzərdə tutur.
TAP (Trans Adriatic Pipeline) layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkli edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.