Sverdlovsk vilayətinin Nijniy Taqil şəhər polisinin əməkdaşları küçədən tanımadıqları qızı qaçırmış azərbaycanlı oğlanı və onun dostlarını saxlayıblar. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verir.
Çərşənbə günü axşam saatlarında evlərdən birinin yaxınlığında bir neçə azərbaycanlı gənc 17 yaşlı qızı zorla “Lada-Priora” markalı avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar.
Qaçırılan qızın anası baş verən hadisə barədə dərhal polisə məlumat verib. Axtarışa verilən avtomobil yarım saatdan sonra Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları tərəfindən saxlanılıb.
“Maşının saloununda 1989-cu il təvəllüdlü iki, 1994-cü il təvəllüdlü 1 oğlan və qaçırılan qız var idi”,- deyə məlumatda bildirilir.
Qız valideynlərinə təhvil verilib, hadisəni törədən oğlanlar isə məsələnin araşdırılması üçün polis məntəqəsinə aparılıblar.
“Bu şəxslər öz vəhşi hərəkətlərini onlardan birinin evlənmək istəyi ilə əlaqələndiriblər. Lakin Azərbaycan vətəndaşlarının bu romantik istəyi Rusiya qanunvericiliyi ilə cinayət əməli - yetkinlik yaşına çatmamış şəxsin bir qrup şəxs tərəfindən qəsdən qaçırılmasına cəhd kimi qiymətləndirilir”, - deyə məlumatda bildirilir.
Bu maddə 12 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Hazırda evlənmək istəyi baş tutmayan oğlan saxlanılıb, dostlarına isə hələ ki, şahid statusu verilib.
İstintaq orqanları tərəfindən hadisənin əsas səbəbkarına qarşı RF Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsi və 30-cu maddəsinin 3-cü hissəsinə (adam oğurluğuna cəhd) əsasən cinayət işi qaldırılıb.