Bu günlərdə tanınmış opera müğənnisi Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri Azərbaycan hökuməti ilə razılaşdırılmayıb və bu səbəbdən qanunsuz hesab olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bəyan edib.
“Azərbaycanın işğal olunmuş ərazilərinə belə səfərlər ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir. Eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - deyə E.Abdullayev bildirib.
“Belə səfərlər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarına zərbə vurur”, - deyə o əlavə edib.
Diplomatın sözlərinə görə, yuxarıda qeyd olunanlar bu yaxınlarda Dağlıq Qarabağa səfər etmiş Çexiya və Fransa parlamentlərinin üzvlərinə də aiddir.