Azərbaycan müstəqil siyasət aparır və ölkəmiz üçün Avropaya inteqrasiya prioritet sahələrdəndir. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə parlament sədri Oqtay Əsədov Belçika Krallığına rəsmi səfər çərçivəsində ikitərəfli görüşlər zamanı bəyan edib.
Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brokla görüşdə O.Əsədov Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul etdiyi bir sıra qərarları xatırlayaraq qeyd edib ki, ətraflı araşdırmalar aparılmadan qəbul edilən bu sənədlər ölkə ictimaiyyətinin haqlı narazılığına səbəb olub.
Spikerin sözlərinə görə, bu kimi məsələlərin ilkin olaraq Avronest PA-da müzakirəsi və yalnız bundan sonra hər hansı bir qərarın verilməsi daha ədalətli olardı.
E.Brok vurğulayıb ki, Avropa Parlamenti bəzən Azərbaycanla müqayisədə digər dövlətlərlə bağlı daha sərt qərarlar qəbul edir.
Görüşdə Azərbaycanla Avropa təsisatları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Tərəflər əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını ifadə ediblər və vurğulayıblar ki, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində həyata keçirilən tədbirlər olduqca önəmlidir.
Səfər çərçivəsində Belçika Senatının sədri Sabina de Betkinlə keçirilən görüşdə parlamentin sədri Avropaya inteqrasiya yolunda Azərbaycanın mühüm addımlar atdığını vurğulayıb. O, həmçinin əlaqələrin inkişafı və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunub.
O.Əsədovun rəhbərlik etdiyi Azərbaycan deputatlarından ibarət nümayəndə heyəti həmçinin Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşar ilə də görüşüb.
Azərbaycanın uğurlu iqtisadi inkişafını və dini tolerantlığın səviyyəsini yüksək qiymətləndirən F.Blanşarın sözlərinə görə, Avropada hələ də Azərbaycan həqiqətləri, ölkənin nail olduğu yüksək inkişaf dinamikası barədə obyektiv təsəvvür yoxdur. O qeyd edib ki, bu məqsədlə Belçika parlamentində dinləmələr təşkil edib.
O.Əsədov Azərbaycan-Belçika əlaqələrinin parlamentlər səviyyəsində də sürətlə inkişaf etdiyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinə toxunan spiker qeyd edib ki, Qarabağ probleminin həll olunmaması regionda həyata keçirilən genişmiqyaslı layihələrə ciddi təhlükədir. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. Parlamentin sədri ATƏT-in Minsk Qrupunun bu illər ərzində real nəticə əldə etmədiyini və BMT TŞ, AŞPA, ATƏT PA-nın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək icra olunmadığını qeyd edib. O.Əsədov bəyan edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə inamını hələ itirməyib. Bunun üçün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin reallaşdırılması üzrə səylərin artırılması zəruridir.