Azərbaycanda fəaliyyət göstərən neft emalı zavodları (NEZ) 2020-ci ilə qədər avtomobil benzininə olan daxili tələbatı tamamilə ödəyə bilər. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) neft emalı üzrə vitse-prezidenti David Məmmədov bildirib.
“Son 10 il ərzində yerli bazarın benzinə olan tələbatı üç dəfə artıb və 2012-ci ildə bu göstərici 1,38 mln. ton təşkil edib. Ölkənin avtomobil parkı nəzərə alınmaqla və benzinə olan daxili tələbatın uzunmüddətli təmin edilməsi üçün H.Əliyev adına Bakı NEZ-də qurğuların modernləşdirilməsi haqqında qərar qəbul edilib. Xüsusilə neftin ilkin emalı üçün nəzərdə tutulan qurğular, katalitik krekinq, katalitik riforminq, tədrici koks qurğuları modernləşdiriləcək”, - deyə D.Məmmədov “Caspian Oil&Gas” konfransında çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, bu tədbirlər 2020-2021-ci illərədək - Bakının Qaradağ rayonunda yeni neft-kimya və neft-qaz emalı kompleksi istifadəyə verilənə qədər Azərbaycanın avtomobil benzininə olan daxili tələbatını tamamilə ödəməyə imkan verəcək.
Vitse-prezident bildirib ki, mövcud NEZ-lərdə Avro-5 ekoloji standartlarına uyğun neft məhsulları istehsal etmək mümkün deyil.
“Bu zavodlarda Avro-3 və imkan daxilində Avro-4 standartları üzrə əsas neft məhsulları istehsal etmək olar. Hazırda ölkədə istehsal olunan dizel yanacağı Avro-3 standartlarına cavab verir”, - deyə D.Məmmədov əlavə edib.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.