Volqoqradda IV “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” Forumu başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Forum iştirakçıları Mamayev Kurqanında “Stalinqrad döyüşü qəhrəmanlarına” tarix-memorial kompleksində olublar. Sonra Volqoqradın Yeni Eksperimental Teatrında Forumun plenar iclası başlayıb.
Teatrın foyesində “Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərində” və “Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının töhfəsi” mövzularında fotosərgi açılıb.
Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov plenar iclası açaraq qeyd edib ki, sosial-iqtisadi həyatın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələri durmadan inkişaf edir.
“Volqoqrad vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın dərin kökləri var. Bu dostluğun təməli 20 ildən çox bundan əvvəl qoyulub. O vaxt, 1987-ci ildə Heydər Əlirza oğlu Əliyev Volqoqrad vilayətinə səfər edib. Bu gün də Azərbaycan bizim aparıcı ticarət tərəfdaşlarımızdan biridir”, - deyə S.Bojenov qeyd edib.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin regional və xarici ölkələrlə mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətlərini oxuyublar.
Plenar iclasın moderatorları Rusiya tərəfdən Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Azərbaycan tərəfdən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə idi.
İclasda iki saziş imzalanıb. Azərbaycanın və Rusiyanın vahid enerji sistemlərinin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Sazişi Rusiyanın energetika nazirinin müavini Anton İnyutsın və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzalayıblar. Azərbaycan Respublikası Hökuməti ilə Volqoqrad vilayəti hökuməti arasında ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında Sazişi Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev imzalayıblar.
Sazişlər imzalanandan sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev qeyd edib ki, Azərbaycan və Rusiya energetika sahəsində çox böyük ixrac potensialına malikdir.
“Azərbaycanda enerji sistemi uzun illər boyu təkmilləşdirilib, yenidən qurulub və modernləşib. Bu gün bütün texniki problemlər həll edilib və Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında energetika sahəsində müstəsna əhəmiyyətli saziş imzalanıb”, - deyə nazir bildirib.
Sonra Forum iştirakçıları regionlararası əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, iqtisadi əməkdaşlığın perspektivləri və digər mövzularda müzakirələri “dəyirmi masalar” arxasında davam etdiriblər.
IV “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” Forumu iştirakçılar tərəfindən yekun bəyanatın qəbul edilməsi ilə başa çatıb.
Tədbir zamanı qeyd olunub ki, gələcəkdə bu cür forumlar Rusiyanın digər regionlarında da keçiriləcək.