SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2013-cü ilin sonuna kimi “Neft Daşları” yatağı üçün yeni 2150 saylı stasionar dəniz özülünün tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə SOCAR-dan məlumat verilib.
“Layihə “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanıb. İnşa olunan özülün baş podratçısı “Neftqaztikinti” Trestidir. Özül dənizin 25,5 metr dərinliyində yerləşdiriləcək. Obyektin tikintisini 2013-cü ilin sonuna kimi başa çatdırmaq planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
Özül 12 istismar quyusunun qazılması üçün nəzərdə tutulub. İki hissədən - istehsalat və yaşayış sahələrindən ibarət olacaq özül 8 dayaq bloku üzərində yığılacaq. Bu sahələrin iki piyada körpüsü ilə əlaqələndirilməsi nəzərdə tutulub. Özüldə vertolyot meydançası, yeddi yanalma körpüsü, 4 minik meydançası, ən müasir qazma avadanlığı, yükqaldırma qabiliyyəti 12,5 ton olan universal kran, dizel yanacağı ilə işləyən 4 elektrik aqreqatı, çirkab və məişət sularının təmizlənməsi üçün “ASTRA-20” tipli bioloji təmizləmə qurğusu quraşdırılacaq.
SOCAR-ın məlumatına görə, tikinti işləri çərçivəsində 2400 kvadratmetrilk sənaye meydançası, 200 kvadratmetrlik məişət sahəsi tikilib, 152 ədəd svay və quyu şaxtaları vurulub.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.