Azərbaycan Vergilər Nazirliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) əməkdaşlığa dair Memorandum imzalamağı planlaşdırırlar. Bu barədə bazar ertəsi jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.
“Hazırda memorandumun layihəsi Azərbaycanın müvafiq dövlət strukturlarında ekspertiza prosedurundan keçir. Ümid edirik ki, yaxın vaxtlarda bu ekspertiza başa çatacaq və memorandum imzalanacaq”, - deyə S.Ələkbərov bildirib.
Onun sözlərinə görə, memorandumun imzalanması üçün İƏİT-in Vergi İnzibatçılığı və Siyasəti Mərkəzinin direktoru Paskal Sen-Amanın Bakıya səfəri planlaşdırılıb.
S.Ələkbərov vurğulayıb ki, memoranduma fikir mübadiləsinin təşkili, birgə seminarların keçirilməsi və s. məsələlər daxil olacaq.
Bazar ertəsi Bakıda İƏİT-in təşkilatçılığı ilə «Çoxmilli müəssisələrin auditi» mövzusunda beşgünlük seminar işə başlayıb. Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda, xüsusilə də neft sektorunda 20-yə yaxın transmilli şirkət fəaliyyət göstərir. Bununla yanaşı, o vurğulayıb ki, yaxın illərdə Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərin sayı artacaq. Çünki 10 il ərzində respublikada ÜDM-in iki dəfə artımı proqnozlaşdırılır.