Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məsələləri iki ölkənin XİN başçılarının iyunun sonunda keçiriləcək görüşü zamanı müzakirə olunacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün jurnalistlərə açıqlamasında belə bildirib.
Onun sözlərinə görə, iyunun 7-də Londonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü zamanı prezidentlərin növbəti görüşünün təşkilinə dair məsələ müzakirə olunub.
“Prezidentlərin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi məsələlərin müzakirəsi məqsədi daşıyır. Ermənistan XİN başçısı Edvard Nalbandyanla görüşdə mən iki ölkə prezidentlərinin görüşünə hazırlıq məsələlərini müzakirə edəcəm”, - deyə E.Məmmədyarov bildirib.
XİN başçısının sözlərinə görə, vasitəçilər yaxın vaxtlarda yenidən Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşməyi planlaşdırırlar.