Abşeronun bir neçə çimərliyinə qadağa qoyulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ETSN və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən birgə monitorinqlərin nəticələrinə əsasən, Şıx (Bakı) və Sahil (Sumqayıt) çimərlikləri keçən il olduğu kimi bu il də çimmək üçün yararsız hesab edilib.
Bu qərar Bakı və Abşeron ərazisində yerləşən çimərliklərdə aparılan monitorinqlər nəticəsində qəbul edilib. Dəniz suyunun təhlili göstərib ki, sözügedən çimərliklərə çirkab sularının axıdılması səbəbindən bakterioloji çirklənmənin səviyyəsi normadan artıqdır.
Laborator təhlil üçün su nümunələri Mərdəkan, Novxanı, Pirşağı, Zaqulba, Nardaran, Hövsan, Türkan, Bilgəh və Şüvəlan çimərliklərindən götürülüb.