Rəsmi Sarayevo Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bazar ertəsi Bakıda keçirilən görüşdə bəyan edib.
Ölkələr arasında siyasi sahədə yüksək əməkdaşlığın mövcud olduğunu qeyd edən Z.Laqumciya söyləyib ki, bu ilin fevral ayında Bosniya parlamenti tərəfindən qəbul edilmiş Ermənistan Azərbaycan münaqişəsinə dair qətnamədə Azərbaycanın ədalətli mövqeyi dəstəklənir.
O, həmçinin bildirib ki, Azərbaycanla Bosniya və Herseqovina dünyanın bir çox ölkələri üçün müxtəlif mədəniyyət və dinlərin dinc və yanaşı yaşaması baxımından nümunə ola bilər.
Z.Laqumciya Azərbaycan şirkətlərini Bosniya və Herseqovinada həyata keçirilən infrastruktur, energetika və turizm layihələrində iştirak etməyə dəvət edib.
E.Məmmədyarov ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. Ölkələr arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu söyləyən nazir Bosniya parlamenti tərəfindən qəbul edilmiş Xocalı soyqrımına dair qətnaməni yüksək qiymətləndirib.
E.Məmmədyarov deyib ki, rəsmi Bakı və Sarayevo iqtisadi, energetika, humanitar və turizm sahələrində əməkdaşlıq üçün böyük potensiala malikdir.
O qeyd edib ki, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə zəmin yaratmaq məqsədi ilə müqavilə-hüquq bazasını möhkəmləndirmək lazımdır.
Azərbaycan XİN başçısı əlavə edib ki, əməkdaşlığın genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılması, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların qorunmasına dair sazişlərin hazırlanması zəruridir.
Tərəflər regional və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gələrək qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.